Gürcüstan hökuməti büdcədən maliyyələşdiriləcək dini icmaların adını açıqlayıb

Gürcüstan hökuməti büdcədən maliyyələşdiriləcək dini icmaların adını açıqlayıb
# 27 yanvar 2014 14:04 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan hökumətinin bugünkü iclasında Gürcüstanda fəaliyyət göstərən müxtəlif dinlərin dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi müzakirə olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya baş nazirin milli azlıqlar üzrə məsləhətçisi Savalan Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, hökumətin iclasında baş nazir İrakli Qaribaşvili bildirib ki, ölkədə 4 dini məzhəb maliyyələşdiriləcək: “Maliyyələşdiriləcək istiqamətlərdən ən birincisi İslam dinidir. Sonra qriqoriyanlıq, katolik və yəhudi dinləri gəlir”.

Baş nazir çıxışında Gürcüstanda müxtəlif dinlərə hörmət olduğunu bildirib: “Son vaxtlar Gürcüstanda müxtəlif dinlər arasında qarşıdurma iddiası ilə çıxış edənlər olur. Əslində bu belə deyil. Əksinə, bu sahədə aparılan işlər getdikcə yaxşılaşır. Biz bütün dinlərə hörmət edirik”.

Məsələyə münasibət bildirən Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri, şeyx Ramin İgidov APA-ya açıqlamasında rəhbərlik etdiyi idarənin də dövlət büdcəsindən maliyyələşdiriləcəyini deyib: “Biz bu qərarı alqışlayırıq. Bizim dövlətimiz bu günədək fəaliyyətimizə müsbət qiymət verib və digər sahələrə olduğu kimi, din sahəsinə də maliyyə dəstəyi ayrılacaq. Ölkə rəhbərliyi bütün vətəndaşlarına bərabər və eyni hüquqda baxdığı kimi, onun vətəndaşı olan müsəlmanlara və İslam dininə də eyni gözlə baxır. Dövlətin bərabər səviyyədə İslam dininə də maliyyə ayırması tolerantlığın bariz nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR