Bu il Bakı-Ceyhan kəməri ilə 186 mln. barel xam neft ixrac olunub

Bu il Bakı-Ceyhan kəməri ilə 186 mln. barel xam neft ixrac olunub
# 14 noyabr 2013 14:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 24,7 mln. ton və 186 mln. barel xam neft ixrac olunub və bu neft Ceyhan limanında 243 tankerə yüklənərək bazarlara yola salınıb.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə BTC üzrə əsaslı xərclərə 48 mln. ABŞ dolları xərclənib. Bütün il üçün əsaslı xərclər 97 mln. dollar həcmində planlaşdırılır. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

Xatırladaq ki, 2006-cı il iyunun 4-də ilk tankerin Ceyhan limanından yola salınmasından 2013-cü il oktyabrın 1-dək BTC vasitəsilə nəql edilmiş təxminən 237,2 mln. ton və ya 1,773 mlrd. barel xam neft Ceyhan limanında 2 304 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hazırda BTC kəməri Azərbaycandan əsasən «Azəri-Çıraq-Günəşli» nefti və «Şahdəniz» kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistanın tranzit nefti də nəql olunur.

Qeyd edək ki, «BTC Co.»nun səhmdarları sırasına BP (30,1%), AzBTC (25,00%), «Chevron» (8,90%), «Statoil» (8,71%), TPAO (6,53%), «Eni» (5,00%), «Total» (5,00%), «Itochu» (3,40%), «Inpex» (2,50%), «ConocoPhillips» (2,50%) və «ONGC (BTC) Ltd.» (2,36%) şirkətləri daxildir. Bu ilin martın 28-də «ONGC Videsh Ltd.» şirkəti «Hess (BTC) Ltd.» şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında «Hess Ltd.» şirkəti «ONGC (BTC) Ltd.» şirkəti ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR