Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib
# 09 may 2015 07:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, baş konsul Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyevin şəxsiyyəti, həyat və fəaliyyəti, onun Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə olunması, dövlət müstəqilliyinin qorunub saxlanması sahəsində göstərdiyi xidmətləri haqqında danışıb. O, Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində Azərbaycanın hazırda da uğurla irəliliyə doğru addımladığını diqqətə çatdırıb.

Baş konsul, Azərbaycan-İran əlaqələrinin də əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, bu əlaqələrin hazırda qarşılıqlı dostluq və əməkdaşlıq meyarları üzərində davam etdiyini vurğulayıb.

Çıxışdan sonra rəsmi qəbulun iştirakçıları Heydər Əliyevə aid fotosərgiyə, “Dahi şəxsiyyət” adlı filmə baxıb, Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə, Azərbaycanın turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olublar.

Heydər Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş müxtəlif məzmunlu əyani materiallar, eləcə də Azərbaycana, Azərbaycan həqiqətlərinə dair bir sıra kitab və jurnallar da tədbir iştirakçılarına paylanıb.

Rəsmi qəbulda İran İslam Respublikasının Təbriz şəhərinin İcra Hakimiyyətinin başçısı R.Şöhrətifər, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər İcra Hakimiyyətinin müəyyən rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR