Azərbaycan qazının Avropaya əsas ixrac marşrutu bu ilin ortalarında seçiləcək

Azərbaycan qazının Avropaya əsas ixrac marşrutu bu ilin ortalarında seçiləcək
# 01 mart 2013 08:50 (UTC +04:00)

«Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Şahdəniz Mərhələ 2» və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub qaz dəhlizini açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq.

«Hesablamalara görə, 25 mlrd. ABŞ dolları dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir», - deyə məlumatda bildirilir.

Sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə ildə 16 mlrd. kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. «Şahdəniz» qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri tikilməli və genişləndirilməlidir.

Layihənin reallaşdırılması üçün ötən il bir sıra ciddi addımlar atılıb. Belə ki, 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində TANAP adlanan ayrıca yeni bir boru kəmərinin tikilməsi üzrə saziş imzalayıb. «ARDNŞ BP-nin TANAP-da 12%-lik payla iştirak etməsi üçün edilmiş təklifi təsdiqləyib və biz bununla bağlı şərtləri növbəti bir neçə ay ərzində yekunlaşdırmaq ümidindəyik», - deyə məlumatda bildirilir.

Dekabrın 18-də isə «Şahdəniz» konsorsiumu ilə ARDNŞ arasında bir sıra sazişlər imzalanıb ki, bunlar da 2013-cü ilə planlaşdırılmış yekun investisiya qərarı üçün inam yaradıb.

Məlumatda bildirilir ki, «Mərhələ 2» qazını Qərbi Türkiyə sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına çatdıracaq Cənub dəhlizinin son hissəsi kimi «Şahdəniz» konsorsiumu tərəfindən iki variant qiymətləndirilir. Bunlar - Trans Adriatik Boru kəməri (TAP) və «Nabucco West» layihələridir. Konsorsium həm TAP, həm də «Nabucco West»in sahibkarları ilə işləməkdə davam edir ki, bunlardan hansının son seçim variantı olacağı qərarını verə bilsin. «Şahdəniz» tərəfdaşlarından BP də daxil olmaqla bəziləri Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir hissəsində iştirak etməyi planlaşdırırlar. Bu sistemə Cənubi Qafqaz Boru Kəməri, TANAP və qazı Avropaya çatdırmaq üçün seçiləcək son boru kəməri variantı, yəni ya TAP, ya da «Nabucco West» daxildir: «Həm TAP, həm də «Nabucco West»lə iştirak payı almaq hüququ və maliyyələşmə haqqında sazişlər artıq bağlanıb. Bu sazişlər həmin layihələri qısamüddətli maliyyələşmə ilə təmin edir, həmçinin «Şahdəniz» konsorsiumu iki variantdan hansını Avropa marşrutu kimi seçəcəksə, o boru kəmərinə qoşulmaq hüququnu təmin edir».

İndi diqqət Avropa marşrutunun yekun seçim prosesinə yönəlib. Bu prosesə TAP və «Nabucco West» layihələrinin növbəti bir neçə ay ərzində tam qiymətləndirilməsi daxildir. Konsorsium bu iki layihə arasında yekun seçim qərarının verilməsini 2013-cü ilin ortalarına planlaşdırır. Bundan sonra isə bu il ərzində «Şahdəniz 2»nin yekun investisiya qərarının verilməsi gözlənilir. «Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq layihə 2013-cü il ərzində təxminən 2,3 mlrd. dollar vəsait xərcləməyi planlaşdırır ki, «Şahdəniz 2» layihəsi 2018-ci ildə ilk qazın əldə edilməsinə hazır olsun», - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR