Prezident İlham Əliyev: “Neftin qiymətinin kəskin düşməsi Azərbaycanın ümumi dinamik inkişafına təsir etməyib” - VİDEO

Prezident İlham Əliyev: “Neftin qiymətinin kəskin düşməsi Azərbaycanın ümumi dinamik inkişafına təsir etməyib” - <span style="color: red;">VİDEO
# 10 aprel 2015 11:00 (UTC +04:00)

Bakı – APA. Aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib. Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən prezident bildirib ki, dünyada neftin qiymətinin kəskin düşməsi Azərbaycanın ümumi dinamik inkişafına təsir etməyib.

Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb.

Birinci rübdə də regionlarda müsbət meyllərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən prezident İlham Əliyev bildirib ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlət başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb, ölkədə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ölkənin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan böhranlardan ölkənin itkisiz çıxdığını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.

Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə - Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.

Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Yekun nitqində prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirdi, amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.

Bu il daha 3 “ASAN xidmət” mərkəzinin açılacağını deyən dövlət başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib.

Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR