Azərbaycan parlamentinin üzvləri TÜRKPA-nın komissiya iclasına qatılacaqlar

Azərbaycan parlamentinin üzvləri TÜRKPA-nın komissiya iclasına qatılacaqlar
# 31 mart 2015 14:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatları Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva aprelin 1-dən 4-dək Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının birinci iclasında iştirak edəcəklər.

Komissiyaya Əhliman Əmiraslanov rəhbərlik edir. Türkiyə Böyük Millət Məclisində keçiriləcək tədbirdə “Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə” mövzusunda müzakirələr aparılacaq. İclasda həmçinin məsələ ilə bağlı Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı təqdim olunacaq, təşkilati məsələlərə baxılacaq. Toplantıda millət vəkili Əhliman Əmiraslanov Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri qismində giriş nitqi ilə çıxış edəcək.

İclasda deputatlarımız quraqlığın yayılmasının qarşısının alınması, bu prosesin ekologiyaya mənfi təsirinin aradan qaldırılması, səhralaşmaya qarşı mübarizədə təcrübə mübadiləsi barədə fikirlərini açıqlayacaqlar. Səfər çərçivəsində nümayəndə heyətimizin Türkiyənin meşə və su işləri naziri Veysəl Eroğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ilə görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR