Gənclər Fondu 7-ci qrant müsabiqəsini elan edib - FOTO

Gənclər Fondu 7-ci qrant müsabiqəsini elan edib - <span style="color: red;">FOTO
# 30 aprel 2015 14:08 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, yığıncağın gündəliyinə yeddinci qrant müsabiqəsinin elan olunması, fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi, gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı elmi araşdırmalar aparacaqları ölkələrin siyahısının təsdiq edilməsi və digər məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son 3 ildə keçirilmiş 6 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 1865 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün Fond tərəfindən 11 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib.

Qeyd olunub ki, yeni müsabiqə də, əvvəlkilər kimi, ilk növbədə gənclərin intellektual, fiziki və mənəvi inkişafının, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsinə yönəlib.

İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 9, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə 8 istiqamət təsdiq edilmiş, layihələrin təqdim olunması üçün 1 aylıq müddət (1 may – 1 iyun 2015-ci il) müəyyənləşdirilib.

İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”da, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də bəzi dəyişikliklər edilib.

Dəyişikliklər, əsasən, “E” kateqoriyasının (təşkilati inkişaf qrantı) ləğv edilməsi, Fondun resipiyentləri sırasından xarici qeyri-hökumət təşkilatlarının çıxarılması, müsabiqələr zamanı layihə təkliflərinin təqdim olunması üçün müddətin 45 gündən 30 günə endirilməsi və digər məsələlərlə bağlı olub.

Daha sonra Fondun maliyyə dəstəyi ilə gənc xarici tədqiqatçıların Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı elmi araşdırmalar aparacaqları ölkələrin siyahısı müzakirə edilib. Müşahidə Şurasının üzvləri bu cür tədqiqatların aparılması üçün 25 ölkə (ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya və s.) müəyyənləşdiriblər.

Fondun icraçı direktoru Fərhad Hacıyev 6-cı qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti barədə məlumat vermiş, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb.

Gündəlikdəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Fondun baş mühasibi Elmar Talıblı iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR