Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
# 08 iyul 2014 13:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi üzrə işlərin böyük hissəsi başa çatıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların daimi içməli su ilə təmin etmək məqsədilə Qars su mənbəyində sutkalıq məhsuldarlığı 430 kubmetr, Yeddibulaqda 40 kubmetr olan sugötürücü qurğunun və polad borularla ümumi uzunluğu 17,3 km olan magistral su kəmərlərinin tikintisi yekunlaşıb. Dahardibi su mənbəyi üzrə işlərin başlanmasına hazırlıq görülür.

“Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə bu ilin noyabr ayında başlanılacaq. İkinci mərhələdə Şəfa su mənbəyində sutkalıq məhsuldarlığı 240 kubmetr olan sugötürücü qurğu tikiləcək, Xızı şəhərində hər birinin həcmi 1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin həcmi 400 kubmetr olan 4 ədəd su anbarı inşa ediləcək. Layihə çərçivəsində istehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərindən yararlanması üçün 42,1 km paylayıcı su, 30,4 km kanalizasiya xətti çəkiləcək, hər bir ünvana birləşmə verilərək bütün abunəçilər smart-kart sayğaclarla təmin olunacaq. Bundan başqa layihə çərçivəsində inzibati bina, laboratoriya və digər istehsalat binalarının tikintisi, o cümlədən maşın–mexanizmlərin alınması planlaşdırılır.

Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür. Yaxın vaxtlarda iddiaçı şirkətlərə tenderdə iştirakla bağlı dəvət məktubu və tenderin şərtlər toplusu göndəriləcək. Təkliflər qiymətləndirildikdən sonra Yekun Protokol və qalib şirkətlə podrat müqaviləsi imzalanacaq.

Layihənin üçüncü mərhələsində yaranacaq tullantı sularının təmizlənməsi məqsədi ilə Xızı şəhərində sutkalıq məhsuldarlığı 1 500 kubmetr, Altıağac qəsəbəsində isə 350 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xızı şəhərində 3 294, Altıağac qəsəbəsində 1 423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1 562 nəfər olmaqla ümumilikdə 6 279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR