Azərbaycan nümayəndə heyəti ABŞ-ın Texas ştatının qubernatoru ilə görüşüb - FOTO

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Texas ştatının qubernatoru ilə görüşüb - <font color=red>FOTO</font>
# 05 oktyabr 2012 08:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın ABŞ-dakı səfir Elin Süleymanov, Hyuston şəhərində keçiriləcək İpək Yolu Festivalında iştirak etmək məqsədilə Texas ştatında səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xaliq Məmmədov və ARDNŞ-ın Vaşinqton ofisinin nümayəndəsi Rauf Məmmədovdan ibarət nümayəndə heyəti Texas ştatının qubernatoru Riçard Perri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari durumu, regional proseslər və enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir E.Süleymanov Azərbaycanın ABŞ-la münasibətlərində enerji faktorunun mühüm rol oynadığını bildirərək, ABŞ-ın regionda ən uğurlu layihəsinin məhz Bakı-Tiflis-Ceyhan neft kəməri olduğunu qeyd edib. O, hazırda regionda həyata keçirilməsi nəzərdə tutulan enerji layihələrinin ABŞ tərəfindən dəstəklənməsinin vacib olduğunu vurğulayıb. ARDNŞ-ın vitse-prezidenti X.Məmmədov Azərbaycanın enerji sektorunda Texas ştatı ilə əməkdaşlığın perspektivləri barədə ətraflı məlumat verib.

E.Süleymanov ABŞ-la çoxşaxəli əməkdaşlıq sahələrinə misal olaraq terrorçuluğa qarşı mübarizədə iki dövlət arasında uğurlu əməkdaşlığın davam etdirildiyini bildirib. Öz növbəsində qubernator R.Perri Azərbaycanın terrorçuluqla mübarizə sahəsində Əfqanıstanda ABŞ-la əməkdaşlığını yüksək qiymətləndirdiyini xüsusi vurğulayaraq, “Şimali Paylayıcı Şəbəkə” çərçivəsində tranzit layihələrinin həyata keçirilməsində dəstəyinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Qubernator Azərbaycan tolerant dövlət qismində nümunə gətirildiyini bildirərək, bu modelin ABŞ, eləcə də dünya dövlətləri tərəfindən dəstəkləndiyini qeyd edib. O, Azərbaycanın İsraillə dostluq münasibətləri və Azərbaycan vətəndaşları olan yəhudi icmasının cəmiyyətin vacib tərkib hissəsi olmasının təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

R.Perri Azərbaycanın strateji önəmi, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsində davamlı müsbət mövqeyindən bəhs edərək, federal və yerli səviyyədə ikitərəfli münasibətlərin daha da dərinləşməsində maraqlı olduqlarını bildirib. Texasda Azərbaycan icmasının ştatın sosial-iqtisadi həyatına fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu bildirən R.Perri Hyuston və Bakı arasında qardaşlaşma əlaqələrinin daha inkişaf etdirilməsi üçün əməkdaşlığa açıq olduğunu qeyd edib. Qubernator Texas ştatı ilə Azərbaycan arasında mümkün əməkdaşlıq sahəsi kimi enerji kampaniyalarının fəaliyyətini qeyd edərək, sərmayələr yatırılmasının da qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb. Azərbaycanı həm enerji, həm də terrorçuluğa qarşı mübarizədə ABŞ-ın yaxın və etibarlı müttəfiqi kimi xarakterizə edən qubernator Azərbaycana dəstəyin davam etdirilməsinin zəruriliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR