DSMF-də qeydiyyatda olan əcnəbilərin sayı 13 minə çatıb

DSMF-də qeydiyyatda olan əcnəbilərin sayı 13 minə çatıb
# 30 iyul 2012 10:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,23% artaraq 12 898 nəfərə yüksəlib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il iyulun 1-i tarixinə fərdi uçot sistemində 95 ölkənin vətəndaşları qeydə alınıb. Əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi, Türkiyə vətəndaşları (7497 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1527 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 672 nəfərdir.

Sonrakı yerlərdə İran İslam Respublikası (423), Hindistan (289), Çin Xalq Respublikası (257), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (165), Özbəkistan (161), Bosniya və Herseqovina (128), Pakistan İslam Respublikası (114), Almaniya (111), Ukrayna (107), Filippin (106), İtaliya (91), Türkmənistan (86), Malayziya (80), Qazaxıstan (76), ABŞ (70) və s. ölkələr gəlir.

Qeyd edək ki, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə 2006-cı ilin yanvarın 1-dən başlanılıb.

«Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir» - deyə DSMF-nin məlumatında bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR