Türkiyənin «Netaş» şirkəti Azərbaycanda İKT sahəsində dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətindədir

Türkiyənin «Netaş» şirkəti Azərbaycanda İKT sahəsində dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətindədir
# 12 iyun 2012 15:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin «Netaş» şirkətinin rəhbərləri ilə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə İKT sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycanla Türkiyə həm də strateji tərəfdaşdır. İ.Məmmədov bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda İKT sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.

Türkiyənin İT sahəsində fəaliyyət göstərən şirkətlərin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə xarici ölkə təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. «Netaş» şirkətinin Azərbaycanda rabitə sisteminin inkişafında özünəməxsus yeri olduğunu bildirən İ.Məmmədov hələ 20 il öncə şirkətin Azərbaycanda ilk rəqəmsal avadanlıqlar, stansiyalar qurduğunu xatırladıb.

Artıq Azərbaycanda ən müasir yeni nəsil şəbəkə avadanlıqlarının tətbiq edildiyini söyləyən İ.Məmmədov bütün sahələr kimi, İKT-nin də sürətlə inkişaf etdiyini bildirərək bu inkişafda «Netaş»ın yaxından iştirak edərək «Elektron hökumət» layihəsində öz töhfələrini verməsində heç bir problemin olmadığını söyləyib. Eyni zamanda İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.

Öz növbəsində «Netaş» şirkətinin prezidenti Müjdet Altay bu müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqladığını bildirib. İyirmi il əvvəl Azərbaycanda ilk rəqəmsal avadanlıqları qurmaqla burada ilk addımların atıldığını qeyd edən M.Altay yenidən əməkdaşlıq əlaqələrinin qurulmasından məmnun olduğunu vurğulayıb. O, fasilədən sonra ilk xarici ölkə kimi yenidən Azərbaycana gəldiklərini bildirib.

İKT sektorunda həyata keçirilən işlərlə tanış olduqlarını bildirən qonaq sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi qeyd edib və bildirib ki, «Netaş» Azərbaycanda dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətindədir.

Görüş zamanı «Netaş» şirkətinin vitse-prezidenti Ali Kuralkan qısa zaman kəsiyində şirkətlərinin əldə etdiyi nailiyyətlərdən danışıb və Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib.

Sonda tərəflər arasında yaxın vaxtlarda «Netaş» şirkətinin və Azərbaycanın dövlət rabitə operatorlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR