Azərbaycanda "Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası" təsdiq edilib

Azərbaycanda "Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası" təsdiq edilib
# 26 aprel 2012 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası"nı və "Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları"nı təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, "Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası"na əsasən, yardım mərkəzləri məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır. Yardım mərkəzlərində şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilir, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilir. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədi ilə yardım mərkəzi kimi istifadə oluna bilər.

Dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin maddi-texniki təchizatı dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzləri yarada bilərlər. Yardım mərkəzləri Azərbaycan qanunvericiliyinə və yardım mərkəzinin Nizamnaməsinə uyğun olaraq idarə edilir.

Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir. Qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır.
Zərər çəkmiş uşaqlar yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək öz xahişləri, cinayət təqibini həyata keçirən orqanın və ya məişət zorakılığı barədə şikayətə baxan orqanın göndərişi əsasında sığınacaqla təmin oluna bilərlər. Sığınacaqla təminetmə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həyata keçirilir. Uşaq sığınacaqda yerləşdirilərkən onun hüquq və mənafelərini müdafiə edən şəxsin iştirakı təmin edilməlidir. 10 yaşından böyük
uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.

“Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”na əsasən isə qeyri-dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən akkreditasiya edilir. Qeyri-dövlət yardım mərkəzləri müddətsiz akkreditasiya edilir və onların akkreditasiyası ödənişsizdir.

Yoxlama zamanı akkreditasiya tələblərinin pozulması aşkar edilərsə, bu pozuntular və ya çatışmazlıqlar qeyri-dövlət yardım mərkəzinin nəzərinə çatdırılır və onların aradan qaldırılması üçün 3 ay müddətinə möhlət verilir. Akkreditasiyadan imtina edilməsi və akkreditasiyanın ləğv edilməsi barədə qərarlardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR