Masallıda 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilib

Masallıda 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilib
# 20 aprel 2012 12:50 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Masallı rayonunun Boradigah qəsəbəsində keçirib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl SKMF-in vəsaitləri hesabına maliyyələşdirilmiş Lerik rayonunda “Lerik Broyler” MMC-nin müasir quşçuluq təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Tədbir çərçivəsində Masallının iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Bildirilib ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti var.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulayıb, Lənkəran iqtisadi rayonunda, o cümlədən Masallı rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Lənkəran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq SKMF gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması və bu sahədə təşəbbüskarlığının dəstəklənməsi tədbirlərini də davam etdirir. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən sahibkarlıq subyektlərinin 640 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,6 mln. manat, o cümlədən respublikanın regionları üzrə 582 investisiya layihəsinin maliyyələşdirilməsinə 55 mln. manat və Bakı ətrafı kənd və qəsəbələr üzrə 58 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,6 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR