Dələduzluq və digər cinayətdə təqsirləndirilən hüquq müdafiəçisinin məhkəməsi başlayıb

Dələduzluq və digər cinayətdə təqsirləndirilən hüquq müdafiəçisinin məhkəməsi başlayıb
# 19 aprel 2012 11:03 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi prosesdə B. Məmmədovun vəkili Anar Qasımov vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin başa çatdığını bildirib. Vəkil həbs-qətimkan tədbiri olmadan B. Məmmədovun həbsdə saxlanılmasının qanunsuz olduğunu əsas gətirərək, onun azadlığa buraxılmasını istəyib. Müşavirədən sonra hakim B. Məmmədovun barəsində qeyri-müəyyən vaxtadək yenidən həbs-qətimkan tədbiri seçildiyini bildirib.
Prosesin baxış iclası isə aprelin 27-nə təyin olunub.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaxınlığında yaşayan hərbçilərin hüquqlarını müdafiə edən B. Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayətinə əsasən saxlanılıb. B. Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ötən il dekabrın 30-da Səbayel rayon Polis İdarəsinə çağırılan B. Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra isə B. Məmmədova daha bir maddə - Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR