Azərbaycanın investisiya imkanları Slovakiyadan olan sahibkarlara təqdim edilib

Azərbaycanın investisiya imkanları Slovakiyadan olan sahibkarlara təqdim edilib
# 11 aprel 2013 16:48 (UTC +04:00)


Bakı-APA Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Slovakiya iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu qeyd edərək Slovakiyadan olan iş adamlarını əməkdaşlığa dəvət edib.

Görüşdə həmçinin, AZPROMO-nun fəaliyyəti barədə də təqdimat keçirilib.

Slovakiya Xarici və Avropa İşləri Nazirliyinin İqtisadi Siyasət Departamentinin direktoru Ziqmund Bertok Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılıb, Slovakiya iş adamlarını maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Görüş çərçivəsində Slovakiyanın İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyi (SARİO) tərəfindən bu ölkənin biznes mühiti və investisiya imkanlarına dair, həmçinin Slovakiya şirkətlərinin fəaliyyəti barədə təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR