Hicran Hüseynova: “Zorakılıq hallarına məruz qalanlar üçün mərkəzlərin bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində formalaşacaq”

Hicran Hüseynova: “Zorakılıq hallarına məruz qalanlar üçün mərkəzlərin bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində formalaşacaq”
# 18 fevral 2013 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı –APA. “Zorakılıq olandan sonra problemi həll etməkdənsə, bundan əvvəl praktik işlər görməklə bu problemin qarşısını almaq olar”. APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, komitənin hazırda regionlarda, rayonlarda fəaliyyət göstərən Ailə Dəstək Mərkəzlərinin əsas istiqamətlərindən biri ailələrlə işləmək və risk olan qruplarda belə işlər aparmaq mövcud halların qarşısını almaqdır: “Artıq bu istiqamətdə komitədə yüksək təcrübə var. Bu məsələ ölkə rəhbərliyinin də diqqət və nəzarətindədir. Vaxtilə Heydər Əliyev Fondunun BMT ilə birgə “XXI əsrdə qadına qarşı zorakılığa yox deyək” adlı layihəsi başlanıb. Bu layihə çərçivəsində regionlarda könüllü müəssisələr yaranıb. Krizis mərkəzlərində zorakılıq hallarına məruz qalan insanlara dəstək göstərilir. Biz çalışırq ki, belə müəssisələrin sayı çox olsun. Dövlət səviyyəsində bu işlərə göstərilən nəzarət nəticəsində belə mərkəzlərin bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində formalaşacaq. Bir sözlə, dövlətin diqqəti, QHT-lərin köməyi və beynəlxalq təşkilatların təcrübəsi ilə bu problemlərin həlli üçün ölkədə güclü imkanlar yaranır. Bundan da yararlanaraq mövcud problemlərin vaxtında qarşısını almaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR