Nazir: “Sınaq qiymətləndirilməsi zamanı müəllimlərin peşə bilikləri, iş təcrübəsi, fərdi keyfiyyətləri nəzərə alınmalıdır”

Nazir: “Sınaq qiymətləndirilməsi zamanı müəllimlərin peşə bilikləri, iş təcrübəsi, fərdi keyfiyyətləri nəzərə alınmalıdır”
# 31 may 2014 13:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bakı şəhərinin məktəblərində fəaliyyət göstərən müəllimlərin sınaq qiymətləndirməsini nəzərdə tuturuq və bu qiymətləndirmənin əsas məqsəd təhsil sistemində fəaliyyət göstərən müəllimlərin peşəkar biliklərinin artırılması, onların tədrisə yanaşmasının təkmilləşdirilməsi, işinin mümkün qədər səmərəli qurulmasından ibarətdir”.


APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.


Nazir bildirib ki, təhsilin keyfiyyətinin artırılması təhsil sisteminin tərkibində fəaliyyət göstərən müəllimlərin bilik səviyyələrinin daimi olaraq artırılmasından keçir: “Təbii olaraq sınaq qiymətləndirmə müəllimlərin gələcəkdə keçiriləcək attestasiyası baxımından cəmiyyətdə son zamanlar müzakirə olunur. Hesab edirəm ki, biz təhsilin keyfiyyətinin artırılmasına nail olacağıq”.


M.Cabbarov qeyd edib ki, qiymətləndirməyə hazırlıq mərhələsində bütün müəllimlərlə görüşlər keçirilir: “Gələn həftə mənim iştirakımla da belə bir görüş keçiriləcək. Artıq Bakı şəhərinin bütün rayonları üzrə Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi və Təhsil Nazirliyinin rəsmiləri tərəfindən bu görüşlər keçirilib. Görüşlərin əsas məqsədi müəllimləri məlumatlandırmaqdır”.


Onun sözlərinə görə, sınaq qiymətləndirilməsi zamanı peşə bilikləri ilə yanaşı, iş təcrübəsi də nəzərə alınmalıdır: “Ümumiyyətlə, təhsil sistemində fəaliyyət göstərən müəllimlərin peşə bilikləri, iş təcrübəsi, fərdi keyfiyyətləri kimi amillər nəzərə alınmalıdır. Hazırda bu istiqamətdə iş gedir. Biz nəzərə almalıyıq ki, Azərbaycanın təhsil sistemində 170 minə yaxın insan fəaliyyət göstərir və verdiyimiz hər bir qərar təhsil sistemin hər bir işçisinə təsir edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR