Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin yad olunması ilə əlaqədar tədbirlər keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin yad olunması ilə əlaqədar tədbirlər keçirilib
# 21 dekabr 2013 10:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Dekabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun doğum günündə onun xatirəsinin yad olunması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə R.Əhmədovun adını daşıyan 203 nömrəli tam orta məktəbə və yaşadığı binaya vurulmuş xatirə lövhələrinin açılışı olub.

Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, məktəbin müəllim və şagird heyəti, döyüş yoldaşları və həmkarları iştirak ediblər. Tədbir iştirakçıları məktəbin foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin zəngin dövlətçilik fəaliyyətlərini, R.Əhmədovun qəhrəmanlıq və şücaət yolunu əks etdirən nəfis tərtibatlı foto guşələrlə tanış olublar. Sonra Milli Qəhrəman R.Əhmədovun yaşadığı binaya vurulmuş xatirə lövhəsinin təntənəli açılışı olub. Xatirə lövhəsini Milli Qəhrəmanın həyat yoldaşı Elmira Əhmədova açıb. Xatirə lövhələrinin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Salayevdir.

Milli Qəhrəmanın xatirəsinə həsr edilmiş tədbir Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam edib. Mədəniyyət Mərkəzinin foyesində Qarabağ uğrunda döyüşlərdə fədakarlıq, qəhrəmanlıq, şücaət göstərən, cəsurluq simvoluna çevrilən mərd, igid kəşfiyyatçı R.Əhmədova həsr edilmiş kitablar sərgilənib, film və radiopyesin diskləri nümayiş olunub. Tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Mərasimdə MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi Ziya Yusifzadə çıxış edərək R.Əhmədovun dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən danışıb. Z.Yusifzadə deyib ki, R.Əhmədov israrlı şəkildə Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işləmək arzusunda idi və babasının yolunu davam etdirərək kəşfiyyatçı olmaq istəyirdi. Bildirilib ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən R.Əhmədov 1980-ci ildən dövlət təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qəbul edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin müvafiq əmri ilə DTK-nın ali kurslarına qəbul olunub. Təhsil aldığı ilk günlərdən başlayaraq o, müəllim heyətinin və tələbə yoldaşlarının hörmətini qazanıb, son dərəcə yüksək keyfiyyətləri ilə seçilib. Z.Yusifzadə deyib ki, R.Əhmədov təhsilini başa vurduqdan sonra Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında qısa müddətdə işgüzarlığı, yüksək peşəkarlığı ilə seçilərək irəli çəkilib. O, bu dövrdə SSRİ DTK-nın Y.Andropov adına İnstitutunda kəşfiyyatın rəhbər və əməliyyat heyətinin təkmilləşdirilməsi üzrə kurslarını da bitirib. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı ilk illərdən R.Əhmədov digər vətənpərvərlər kimi, ön cərgədə olub.

Vətən torpağının bütövlüyü naminə tez-tez cəbhə bölgəsinə ezam olunan R.Əhmədov qüsursuz xidmətinə və göstərdiyi igidliyə görə dəfələrlə mükafatlandırılıb. Erməni qəsbkarlarının işğal etdikləri Vətən torpağının hər qarışı uğrunda döyüşə hazır olan R.Əhmədov 1992-ci il yanvarın 2-də döyüş əməliyyatlarında daha yaxından iştirak etmək üçün Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. R.Əhmədov Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparıb. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının rəhbərinin müavini, Milli Qəhrəmanın orta məktəb və gənclik dostları adından çıxış edən Əli Əsədov igid kəşfiyyatçı ilə bağlı unudulmaz xatirələrini bölüşüb.

Bildirilib ki, 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə xəyanət nəticəsində uğursuzluqla başa çatan Daşaltı əməliyyatı R.Əhmədovun və onun bir çox silahdaşlarının son döyüşü olub. Mühasirəyə düşmələrinə baxmayaraq, R.Əhmədovun başçılıq etdiyi dəstə fədakarlıq göstərib. Yaralı olan R.Əhmədov rabitə əlaqəsi yaradaraq ağır döyüşlər getməsi və itkilər olması barədə müvafiq instansiyalara xəbər verə bilib.

Tədbirdə digər rəsmilər, Milli Qəhrəmanın yaxınları və dostları onunla bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin ekranlaşdırdığı «Qayıt Riad» bədii-sənədli filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR