Ötən il DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19% artıb

 Ötən il DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19% artıb
# 13 yanvar 2014 09:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ötən il Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8% artaraq 17 098 nəfərə çatıb. Hesabat dövründə Fond tərəfindən əlavə olaraq 3 222 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb.

Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvarın 1-nə, əcnəbilərin 89,8%-ni kişilər, 10,2%-ni isə qadınlar təşkil edib. Ümumilikdə, 100 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə, Gürcüstan və Rusiyaya məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 848 nəfərini Türkiyə, 1 881 nəfərini Gürcüstan, 904 nəfərini isə Rusiya vətəndaşları təşkil edir.

Sonrakı yerlərdə İran (560), Hindistan (422), Çin (404), Böyük Britaniya (247), Özbəkistan (199), Banqladeş (189), Pakistan (156), Almaniya (151), Ukrayna (148), Bosniya və Herseqovina (130), Filippin (127), İtaliya (117), Türkmənistan (117), Qazaxıstan (117), ABŞ (105), Malayziya (93) və s. ölkələr gəlir.

Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR