İranda tanınmış azərbaycanlı fəala ağır cəza verilib

İranda tanınmış azərbaycanlı fəala ağır cəza verilib
# 25 sentyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal barəsində hökm oxunub.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi Əli Xeyrcu barəsində ağır cəza çıxarıb və azərbaycanlı fəal 5 il azadlıqdan məhrum edilib.

Məhkəmənin verdiyi qərara əsasən, Ə.Xeyrcu bu cəzasını da sürgündə, yəni Kirmanşah şəhərinin mərkəzi həbsxanasında çəkməlidir. Bundan başqa, ona həbs cəzasını çəkib qurtardıqdan sonra daha 2 il İranın Azərbaycan vilayətlərində, xüsusilə Qərbi və Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində yaşamaq qadağan edilib. Məhkəmə Ərdəbil şəhərinin sakini olan azərbaycanlı fəalı “Çənlibel” adlı qeyri-qanuni təşkilata üzvlükdə, İranın ərazi bütövlüyünə təhlükə yaratmaq, ölkənin milli təhlükəsizliyi və quruluşuna xələl vurmaqda günahlandırıb.

Qeyd edək ki, Ə.Xeyrcu 2011-ci il sentyabrın 12-də İranın Azərbaycan vilayətlərində Urmiya gölündəki ekoloji faciə ilə bağlı keçirilmiş etiraz aksiyaları zamanı Ərdəbil şəhərinin Şəriəti Xiyabanında həbs edilib. Azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanıldığı müddətdə qeyri-qanuni həbsinə və təhlükəsizlik qüvvələrinin kobud davranışına etiraz olaraq aclıq aksiyası da keçirib. Ə.Xeyrcu 2010-cu ildə Ərdəbil Universitetini müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, onun magistratura pilləsində təhsil almasına imkan verilməyib. Azərbaycanlı fəal 2006-cı ilin may hadisələri zamanı da 17 nəfərlə birlikdə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR