“İyirminci yüzilin Ağdamı” kitabının təqdimatı keçirilib

“İyirminci yüzilin Ağdamı” kitabının təqdimatı keçirilib
# 26 aprel 2014 10:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə jurnalist Vüqar Tofiqlinin “İyirminci yüzilin Ağdamı” kitabının təqdimatı keçirilib.


APA-nın məlumatlına görə, Ağdam haqqında videoçarxın nümayişi ilə başlayan tədbirdə çıxış edən AVCİA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitabda maraqlı araşdırmalar yer alıb. Onun sözlərinə görə, müəllif əsəri yazmaq üçün uzun müddət arxivlərdə işləyib, araşdırmalar aparıb: “Kitabda Ağdam haqqında maraqlı faktlar var. Bu baxımdan kitab alimlər üçün dəyərli vəsaitdir”.

BQP sədri, millət vəkili Fazil Mustafa çıxışında kitabın Azərbaycan xalqında bir qayıdış duyğusunun oyatması baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb: “Hər bir millətin tarixində işğal hadisələri yaşanır. Əsas odur ki, millət bu işğalı aradan qaldırmaq üçün hansı işlər görür. Bu baxımdan bu cür kitabların dəyəri böyükdür. Azərbaycan cəmiyyətində insanın bir qayıdış duyğusunu oyatmalıyıq. Bu cür əsərlər də vətəndaşlarımızın qayıdış duyğusuna xidmət etməlidir”.

Millət vəkili Bəxtiyar Əliyev Qarabağla bağlı tədbirlərin əhəmiyyətini vurğulayaraq, müəllifin əsərdə çox gözəl janra müraciət etdiyini qeyd edib: “Kitab çox nəfis şəkildə tərtib olunub. Bu kitablar da bizləri əməli işlərə səsləyir. Bu işləri görmək üçün bizim kifayət qədər əsaslarımız var. Çünki bu gün Azərbaycan yenilməz gücə sahibdir. Bu gün insanlar Ağdama qayıdır. Təsadüfi deyil ki, Ağdamda əvvəllər 27 min adam yaşayırdısa, indi 93 min nəfər yaşayır”.

Millət vəkili Qənirə Paşayeva çıxışında kitabın gənclər üçün bir örnək olacağını deyib: “Ağdam təkcə ağdamlıların deyil, bütün Azərbaycanındır. Bu kitabı ona görə, dəyərləndirirəm ki, kitabın dil üslubu çox sadədir. Ağdamı görməyən gənclər bu əsər vasitəsilə Ağdamla tanış ola bilərlər. Bu baxımdan biz bu kitabı təbliğ etməliyik, gənclərimizdə vətənpərvərlik hissinin, sahiblənmə hissinin gücləndirilməsi üçün kitabın rolu əvəzsizdir”.

Sonra millət vəkili Flora Qasımova, professor Rafiq Əliyev Ağdam haqqında xatirələrini danışaraq, kitabın dəyərini və vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR