Meşkinşəhrin qədim “Şəhər yeri” və “Şirvan dərəsi” - ƏRDƏBİLDƏN REPORTAJ

Meşkinşəhrin qədim “Şəhər yeri” və “Şirvan dərəsi” - <span style="color: red;">ƏRDƏBİLDƏN REPORTAJ
# 18 iyun 2014 16:44 (UTC +04:00)
Meşkinşəhrdə hələ tarixçilərə məlum olmayan, araşdırılması vacib, qədim dünya tarixinə baxışları dəyişdirəcək bir məzarlıq var. Adına "Şəhər yeri" deyirlər. 400 hektar ərazini əhatə edən bu yer Meşkinşəhrdən 30 km uzaqlıqda yerləşir. Bu qədim mədəniyyət nümunəsi Türkmənçay müqaviləsində adı hallanan Qarasu çayı ətrafında formalaşıb. Bu ərazini ilk dəfə 1978-ci ildə Çarlz Berni adlı alman tədqiqatçı araşdırıb. Daha sonra İran hökuməti arxeoloji qazıntılar aparmaq missiyasını öz üzərinə götürüb və qazıntılar 3 fəsil davam edib. İndiyə kimi ərazinin cəmi 1 faizində arxeoloji qazıntı aparılıb. Amma artıq mühüm tarixi faktlar ortaya çıxıb. Bu mədəniyyətin başlanğıc tarixinin eramızdan 1500 il əvvələ gedib çıxmasına dair ehtimallar var. "Şəhər yeri"ndən tapılan saxsıların daş dövrünə aid olduğu güman edilir.

Bura ən çox qazıntı aparılan yerdir. Meşkinşəhr Mədəniyyət və İrs Komitəsinin əməkdaşı Məsud Naqilinin sözlərinə görə, buranın məbəd olduğu ehtimal edilir. Burada 280 ədəd dikinə daş var. Üzərində insan rəsmləri cızılıb. Bunlar əsgərlərdir. Bəzilərinin bir, digərlərinin 2 xəncəri var. Bir qismində isə ümumiyyətlə silah yoxdur. Daşların üstündə insanın gözü, burnu, əli çəkilib, bir tək ağız qoyulmayıb.

Bura ayin yeridir. Bunlara ağız qoyulmayıb ki, içəri girən ehtiram olaraq sükut etsin.

Daşların hündürlüyü 70 santimetrdən 280 santimetrə kimidir. Araşdırma zamanı buranın üstünün örtülü olması ilə bağlı heç bir dəlil çıxmayıb. O səbəbdən bu yerin açıq məbəd olduğu ehtimal edilir.

Burada daşların uzunluğuna və onun saldığı kölgəyə görə vaxt müəyyən edilirmiş. Bəzi ehtimallara görə daşların uzun və ya qısa olması əsgərlərin vəzifəsini göstərir. Bunların qarşısında lay daşlar qoyulub, daşların üzərinə nəzir qoyulurmuş.

"Şəhər yeri"də 400 məzar tapılıb. Məzarların üzəri daşdan düzəldilib. İnsanlar öldükdən sonra o biri dünyada yaşayacaqlarını düşünərək məzara qadınlar üçün zinət əşyaları, kişilər üçün isə xəncər qoyublar. Qəbirlər özünəməxsus tərzdə bəzədilib.

Meşkinşəhr bu kimi tapıntılara görə, İranın şimal-qərbində tək yerdir. Bu daşlar dünyada az tapılıb. Bunlardan Azərbaycan və Türkiyədə var.

Burada 6 dəhliz var. İnsanlar içəri bu dəhlizlər vasitəsilə daxil olublar. Girişlərin hündürlüyü alçaq qoyulub ki, məbədə daxil olan insanlar ehtiram əlaməti olaraq qapıdan əyilib keçsinlər. Məsud Naqili bütün bu fikirlərin əksəriyyətinin ehtimal olduğunu deyir. Ərazidə ciddi arxeoloji qazıntılar aparmağa hələ də ehtiyac var.

"Şəhər yeri"dən yuxarıda isə “Qala” adlı ərazi var. Orada daşlar iki metr qalınlığındadır. Ehtimal edilir ki, Urartu dövründə burada yaşayış olub.


Əhali burada uzun müddət məskunlaşdıqdan sonra ərazini kütləvi şəkildə niyə tərk ediblər? Səbəblər barədə ehtimallar olsa da, Məsud Naqili hələlik versiyaları təsdiqləyəcək heç bir dəlilin tapılmadığını deyir. Ya yanğın olub, ya da zəlzələ və insanlar buranı tərk etməyə məcbur olublar.

Məzarlığa çıxmaq üçün getdiyimiz dağ yolunda çox gözəl mənzərənin şahidi oluruq. Bizi müşayiət edən yerli sakinlər yolüstü bizə doğma olan bir sıra yerlərin adlarını çəkdilər. Məsələn, bu dərə...

Gördüyünüz bu ərazi Şirvan dərəsidir. Uzunluğu 25 kilometrdir. Nadir şahın dövründə buradan ovlaq kimi istifadə edilirmiş.

Burada hələ də ov heyvanlarına rast gəlmək mümkündür. Bizə dedilər ki, bir az yaxına getsək, ayı, canavar görə bilərik. "Nadir şah bu dərəyə baxıb" ifadəsi də Şirvan dərəsinə şamil edilir. Bu ifadənin necə yarandığını heç kim izah edə bilmir.

Və son olaraq...

Gəzintimiz Meşkinşəhr rəhbərliyinə məxsus avtobusla reallaşdırırıq. Bizi müşayiət edən xeyli sayda adam var. Sayımız 10-dan çoxdur. Yolda gördüyümüz dərəyə bir maşın aşmışdı, həmkarlarımızla dara düşmüş ailəyə kömək etməli olduq. Operatorumuz Xəyal Şükürlüdən bu xatirəni lentə almağı xahiş etdim. Bir qədər cəhddən sonra maşını yola çıxara bildik və soydaşlarımızdan xeyli təşəkkür aldıq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR