Azərbaycanda yeraltı suların hərəkət və temperatur göstəricilərinin dəqiq monitorinqi aparılacaq

Azərbaycanda yeraltı suların hərəkət və temperatur göstəricilərinin dəqiq monitorinqi aparılacaq
# 12 dekabr 2013 15:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Şamaxıda yeraltı sularda zəlzələlərdən qabaq baş verən dəyişikliklərin dəqiq monitorinqi aparılacaq. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Almaniyanın Qotenberq Universitetinin professoru Güter Buntebart yeraltı suların hərəkəti və temperatur şəraitinin daha dəqiq monitorinqini aparmağa imkan yaradan yeni cihaz ixtira edib. Alim yeni avadanlığı Qafqaz regionunda ilk dəfə Gürcüstanda sınaqdan keçirib və onu Azərbaycanda da təcrübədən keçirmək niyyətindədir. O, elmi tədqiqat cihazının bir nümunəsini Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutuna hədiyyə edib.

İnstitutun hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Yusif İsrafilov bildirib ki, avadanlıq Respublika Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda yerləşən poliqonunda su quyularının birində quraşdırılacaq. Nümunəvi monitorinq seysmik baxımdan aktiv zona olan bu rayonda elmi əhəmiyyətli nəticələr verərsə, geniş miqyaslı tədqiqatlara başlanıla bilər. Sözügedən cihaz hidrogeologiyanın digər istiqamətlərində də tədqiqatlar aparmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR