Ələkbər Məmmədov: “Rusiya yığması bizdən qorxur”

Ələkbər Məmmədov: “Rusiya yığması bizdən qorxur”
# 11 sentyabr 2013 12:27 (UTC +04:00)

Bakı – APA. “Əvvəlcə Malta ilə oyun barədə bir neçə kəlmə demək istərdim. Yoxlama görüşü olmasına baxmayaraq, futbolçularımız yaxşı təsir bağışladılar. Rüfət Dadaşov yaxşı oynadı. Xüsusilə, Rauf Əliyev xoşuma gəldi. Əzmkar futbolçudur. Maltaya vurduğu qolu görəndə cavanlığım yadıma düşdü. Mən də elə reydlər edib qol vurardım”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov deyib.

Veteran futbolçu milli komandamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində İsraillə səfər görüşü barədə də danışıb. Onun fikrincə, yığmamızda perspektivli futbolçular olsa da, son vaxtlar istənilən səviyyədə oynaya bilmirlər.

“İsraillə oyunu diqqətlə izlədim. Rəqib üçün bu görüş böyük əhəmiyyət daşıyırdı. Onlar qalib gəlib dünya çempionatına çıxmaq üçün çalışırdı. Rəqibin səviyyəsi də bizdən yüksək idi. Lakin futbolçularımız rahat oynayırdılar. Üzərlərində gərginlik yox idi. Komandamız əks-hücumlar qurur, fərqlənməyə çalışırdı. Yenə də Raufun oyununu qeyd etmək istəyirəm. O, Əfran İsmayılov, Vaqif Cavadov ən perspektivli futbolçulardı. Təəssüf ki, son vaxtlar istənilən səviyyədə çıxış etmirlər. Gərək daha çox çalışsınlar. Oyunların taleyini əksər vaxtlarda şəxsiyyətlər həll edirlər. Onlar bunu anlamalıdırlar. Raufun gördüyü işin həcmini yüksək dəyərləndirirəm. Rahid Əmirquliyevin qolu da gözəl alındı. Təəssüf ki, qələbəni qoruya bilmədik” – deyə, Məmmədov bildirib.

Veteran futbolçu millimizin Şimali İrlandiya və Rusiya ilə qarşıdakı rəsmi oyunlarından da bəhs edib: “Ümumiyyətlə, bu seçmə mərhələdə həmin problem özünü dəfələrlə göstərdi. Rusiya ilə oyunda şübhəli penalti oldu. Şimali İrlandiya son saniyələrdə qapımıza qol vurdu. Matçın sonlarında vurulan qollar hansısa taktika ilə bağlı olmur. Sadəcə, emosiyalar, gözlənilməz anlar, konsentrasiyanın itməsi kimi amillər özünü göstərir. İndi bizi qarşıda Şimali İrlandiya və Rusiya ilə oyunlar gözləyir. Həmin matçlarda müsbət nəticələr qazana bilərik. Bu yaxınlarda Rusiyadan gəlmişəm. Onların futbol mütəxəssisləri ilə söhbətimdə hiss etdim ki, bizdən çəkinirlər. Çünki qələbə onlara çox vacibdir. Bu olmasa, qrup liderliyini itirə bilərlər. Deməli, yığmamızdan çəkinir, onunla hesablaşırlar. Əsas odur ki, azarkeşlər stadiona gəlsinlər. Bütün narazılıqları qırağa qoyub komandanı dəstəkləsinlər. Komanda azarkeşlərsiz heç nəyə yaramır. İstəyirəm ki, onlar gəlib komandanı dəstəkləsinlər. Fanatların dəstəyi bizə çox lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR