Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 4 region rəisinə intizam tənbehi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 4 region rəisinə intizam tənbehi verilib
# 08 may 2014 13:59 (UTC +04:00)

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müşavirədə qeyd edilib ki, 2014-cü ilin I rübü ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə 1 385 sənəd daxil olub, həmin sənədlərdən 885 ədədi ərizə 500 ədədi məktub xarakterli olub.

Bu ilin I rübü ərzində xidmət tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 3 277 fakt aşkar edilib. Həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin I rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ isə 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artdığı vurğulanıb.

Əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi sahəsində işəgötürənlərdə məsuliyyət hissinin artırılmasının əsas məqsədlərdən olduğunu qeyd edən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə qeyri-leqal məşğulluq hallarına qarşı tədbirlərdən də söz açıb: “Qeyd olunan müddətdə ayrı-ayrı müəssisələr üzrə 2 951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub, əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb. Bu ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153 952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143 796 manatını əmək haqları, 7 277 manatını zərərə görə ödənclər, 2 879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Xidmət rəisi əmək hüquqlarının təminatı sahəsində aparılan islahatlardan söz açaraq, Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə prezidentin 3 fevral tarixli fərmanının icrası ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sisteminin cari il iyulun 1-dən tətbiq olunacağını bildirib. Müşavirədə 4 region rəisinə işlərində yol verdikləri nöqsanlara görə intizam tənbehi verilib. İclasda bu ilin yanvar-mart aylarında görülmüş bütün işlərin nəticələri təhlil olunub, həmçinin qarşıda duran vəzifələr müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR