Bakıda qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş konfrans keçirilir

Bakıda qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş konfrans keçirilir
# 22 may 2014 13:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda “Microsoft Azerbaijan” şirkətinin və ADA Universitetinin təşkilatçılığı ilə ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçirilir.


"APA-Economics"in xəbərinə görə, tədbirə yüzdən artıq iştirakçı qatılıb.


“DigiGirlz” konfransının əsas məqsədi Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak edirlər. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsindəki işlərlə və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanını yaradır.


"DigiGirlz" konfransı perspektivli tələbələrə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyədək mövcud istedadının açılmasına mane olan gender stereotipləri qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb.


Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə edəcək və bu sahədə fəaliyyət göstərməyin onlara nə verə biləcəyi ilə tanış olacaqlar.


Konfransda “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru VikiRentzepi (Vicky Rentzepi), “Red Communications” agentliyinin baş direktoru Tatyana Mikayılova, “Microsoft Azerbaijan” şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, İKT şirkətlərinin nümayəndələri və texnologiya sahəsində uğurlu karyera qurmuş digər qadınlar iştirak edirlər.


Qeyd edək ki, "DigiGirlz" gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran “Microsoft” Korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR