Azərbaycan şirkətlərinin Varşava Fond Birjasından maliyyələşməsi üçün mövcud imkanlar araşdırılır

Azərbaycan şirkətlərinin Varşava Fond Birjasından maliyyələşməsi üçün mövcud imkanlar araşdırılır
# 22 may 2014 08:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan şirkətlərinin Varşava Fond Birjasından maliyyələşməsi üçün mövcud imkanlar nəzərdən keçirilir.

APA-Economics”in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı məlumat verib.

“Artıq bu gün bir sıra biznes təşəbbüsləri var ki, kapital bazarları vasitəsilə maliyyələşdirilməsində maraqlıdırlar. Bəzi hallarda belə layihələrin bizim bazarın dərinliyi və yaxud əməliyyatlar nöqteyi-nəzərindən maliyyələşdirilməsində beynəlxalq əməkdaşlığa ehtiyac yaranır” - deyə R.Aslanlı vurğulayıb.

Komitə sədri əlavə edib ki, bununla bağlı müvafiq göstəriş verilib. İndi şirkətlərin Varşava Fond Birjası vasitəsilə birgə listinqə çıxarılması və ya layihə maliyyələşməsi alətlərinin birgə işlənməsi imkanlarının nəzərdən keçirilməsi üçün Bakı Fond Birjası ilə məsləhətləşmələr aparılır: “Hazırda deyə bilmərəm ki, bu təşəbbüslər nə dərəcədə uyğun olacaq. Amma ən azı müzakirə etmək üçün bir neçə istiqamət mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR