Bakı Ali Neft Məktəbində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib
# 08 aprel 2014 09:48 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda səfərdə olan Avstriya nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, heyətə “EMCO MAIER” şirkətinin Sənaye təlimləri departamentinin satış üzrə direktoru Leopold Zerz, “HOT Engineering” şirkətinin Təlim xidmətləri üzrə meneceri Silvia Reyer, İnsburq Menecment Mərkəzinin Sahibkarlıq Məktəbinin Tədris və Tədqiqat üzrə mütəxəssisi Vladan Antonoviç, Löben Dağ-Mədən Universiteti, Tətbiqi Geologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ketrin Brügger, Vyana İqtisadiyyat Universitetinin İdarəetmə Akademiyasının Magistratura proqramları şöbəsinin müdiri Aleksandr Damev, Vyana Ali Peşə Məktəbinin Aİ layihələri üzrə koordinatoru Cohanes Vetzinger və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elizabet Brunner Sobanski və Avstriyanın Təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Agentliyinin Beynəlxalq təhsil üzrə nümayəndəsi Dominik Freinbiçler daxil olub.

Qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, BANM-nin yaranmasında əsas məqsəd Azərbaycan dövləti və ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, yüksək ixtisaslı kadrların hazırlanması olub. Məktəbə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib.

E.Qasımov ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-nin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, BANM Avstriyanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd edib ki, bu məqsədlə istər Avstriyanın Azərbaycandakı səfirliyi, istərsə də ARDNŞ-ın Avstriyadakı Nümayəndəliyi vasitəsilə bu istiqamətdə bir çox danışıqlar aparılır.

Görüşdə iştirak edən qonaqlar öz çıxışları zamanı qeyd ediblər ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gün də bu sahə inkişaf etməkdədir. Avstriyanı Avropanın neft ölkəsi hesab etdiklərini vurğulayan qonaqlar Avstriyanın şərqində böyük neft yatağının olduğunu da bildiriblər. Eyni zamanda kimya sənayesinin Avstriyada sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq Mərkəzi Avropanın ən böyük kimya kompleksinin Vyanada yerləşdiyini qeyd edən qonaqlar bildiriblər ki, hər iki dövlət neft-kimya sahəsində uğurlu təcrübələrə malikdir və bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmaq hər iki dövlət üçün olduqca əhəmiyyətlidir.

Görüş çərçivəsində BANM ilə Avstriyanın neft-qaz və kimya mühəndisliyi ixtisasları üzrə tanınmış ali təhsil və digər təhsil və tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə fəaliyyətin perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR