Ana və uşaq ölümündə təqsirləndirilən həkim barəsində hökmdən apellyasiya şikayəti verilib

Ana və uşaq ölümündə təqsirləndirilən həkim barəsində hökmdən apellyasiya şikayəti verilib
# 18 mart 2014 15:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xətai Rayon Məhkəməsində Respublika Perinatal Mərkəzinin ana və uşaq ölümündə təqsirləndirilən həkimi Teymur Həsənovun cinayət işi üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

Zərərçəkmiş tərəfin nümayəndəsi vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, apellyasiya şikayətində Teymur Həsənovun cəzasının artırılması, əlavə cəzanın təyin edilməsi və ilkin baxış iclasında həbs-qətimkan tədbirinin seçilməsi xahiş olunub.


Qeyd edək ki, ötən il mayın 14-də mərkəzdə ana və uşaq ölümü qeydə alınıb. 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. Məlumata görə, üçüncü dəfə ana olmağa hazırlaşan Maral Fətəliyeva 5 aylıq hamilə olub.

Xatırladaq ki, həkim anestezioloq - reanimatoloq T. Həsənov Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmə) maddəsinə əsasən ittiham olunub.

Səhiyyə Nazirliyinin ötən il hadisədən sonra yaydığı məlumatda bildirilib ki, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Amma görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizi olub.

Xətai Rayon Məhkəməsinin hökmü ilə T. Həsənov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək. Həmin hökmdən narazı qalan zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR