Azərbaycanda avtomobil qəzalarının video görüntülərinin sübut kimi qəbul edilməsi təklif olunur

Azərbaycanda avtomobil qəzalarının video görüntülərinin sübut kimi qəbul edilməsi təklif olunur
# 19 noyabr 2013 13:41 (UTC +04:00)

Assosiasiyadan «APA-Economics»ə verilən məlumata görə, bu halda qəza ilə bağlı rəsmi qurumlardan protokol alınmasına ehtiyac qalmayacaq, yəni sığorta şirkətləri ödənişlə bağlı qərarı video görüntülər əsasında qəbul edəcək.

ASA-nın sədri Orxan Bayramov bildirib ki, avtomobil qəzaları zamanı hadisənin təfərrüatlarının dəqiqləşdirilməsi prosesi çox vaxt apardığına görə, ödənişlərin ləngiməsi sığorta şirkətləri ilə müştərilər arasında çoxsaylı mübahisələrə səbəb olur. Qeyd edək ki, hazırda hadisənin baş verdiyini və təfərrüatlarını təsdiqləyən əsas sənəd yol polisindən alınan protokoldur. Qaydalara görə, sığorta şirkətləri ödənişin verilib-verilməməsi ilə bağlı qərarını bu protokolla tanış olduqdan sonra verir. Lakin əksər hallarda bu sənədin alınması çox vaxt aparır.

ASA rəhbərinin sözlərinə görə, belə vəziyyətdə müştərinin bütün narazılığı sığorta şirkətinə yönəlir – müştəri hesab edir ki, qarşı tərəf ona ödəniş vermək istəmir, sadəcə vaxtı yubadır. Nəticədə, hətta ödəniş edildiyi təqdirdə, müştərinin keçirdiyi narahatlıq sığorta şirkətinə qarşı inamsızlığın yaranması ilə nəticələnir. Bu hallara son qoyulması və sığorta ödənişlərinin verilməsinin asanlaşdırılması üçün ASA hadisənin video yazısının hüquqi sənəd kimi qəbul olunmasını təklif edir. «Təklif edirik ki, sığorta hadisələri baş verdikdə maşınlarda olan video-registratorların qeydə aldığı videolar sənəd kimi qəbul olunsun və hadisənin düzgün və ya səhv olduğunu isbat edən sənəd kimi qeydiyyata alınsın. Və bu zaman rəsmi qurumların protokoluna ehtiyac qalmayacaq», - deyə Assosiasiya rəhbəri bildirib.

O.Bayramovun sözlərinə görə, video-registratorların tətbiqi bir neçə problemi birdən həll edəcək. Əvvəla, bürokratik sənədləşmə mərhələlərinin sayını azalacaq. Digər tərəfdən, imtinalara səbəb olan halların 60-70%-i aradan qalxacaq.

ASA başçısı bəyan edib ki, sığorta şirkətləri öz aralarında video-registratorlar haqqında razılıq əldə etsə, Assosiasiya bu razılığı təmin etməyə hazırdır: «Biz bunu sığorta şirkətlərinin ümumi qərarı kimi qəbul edərək bu yanaşmanı Maliyyə Nazirliyinə təqdim edə bilərik».

Qeyd edilir ki, Azərbaycanda sığorta ödənişlərinin yol polisinin protokolu olmadan verilməsi praktikası artıq uğurla tətbiq olunur. «İcbari sığortalar haqqında» qanuna əsasən, avtomobil qəzalarında dəyən zərərin məbləği 1 000 manata qədər olduqda ödənişlər yol polisinin protokolu olmadan şirkətlə sığortaçı arasında razılaşma əsasında verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR