Oktyabrda Azərbaycanda 0,7% inflyasiya qeydə alınıb

Oktyabrda Azərbaycanda 0,7% inflyasiya qeydə alınıb
# 05 noyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2% bahalaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7% bahalaşmaya səbəb olub.

Ay ərzində mal əti, qarabaşaq yarması, alma, heyva, nar, limon, naringi, qoz, şabalıd, kələm, çuğundur, kök, balqabaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, un, düyü, makaron, qoyun və toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, xiyar, pomidor, kartof, soğan, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Oktyabr ayında qeyri-ərzaq mallarından parçalar, alət və avadanlıqlar, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, məişət cihazları, inşaat materialları, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri oktyabrda ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR