Bakıda Amerika Təhsil sərgisi keçirilir

Bakıda Amerika Təhsil sərgisi keçirilir
# 01 noyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Amerika Təhsil sərgisi keçirilir.

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkil etdiyi sərgidə təhsil müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verir, yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edirlər.

“Education USA” təşkilatının Avropa və Asiya ölkələri üzrə koordinatoru Enn Merrill jurnalistlərə açıqlamasında deyib ki, sərgidə Amerikanın 25 kollec və universitetləri təmsil olunur. Onun sözlərinə görə, azərbaycanlı tələbələrlə görüşmək üçün Bakıda olan təhsil müəssisələri amerikalı tələbələr üçün də müəyyən təhsil imkanlarını araşdırırlar: “Bu da iki ölkə arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək. Burada təmsil olunan təhsil müəssisələri həcminə görə həm böyük, həm kiçik universitetlər, həm də iki illik kolleclərdir. Bu da azərbaycanlı tələbələrə fərqli təhsil imkanları əldə etməyə imkan verəcək”.

E.Merrill bildirib ki, ötən il Amerikada 450 tələbə təhsil alıb. Azərbaycanlı tələbələr daha çox mühəndis və biznes sahələrində təhsil almağa üstünlük verirlər: “Noyabrın 11-dən etibarən Amerikada Beynəlxalq tələbə həftəsi keçiriləcək. Bütün ölkələrin təhsil müəssisələri bu həftəyə qoşularaq öz təhsil müəssisəsi barədə tələbələri məlumatlandıra bilər. Bu il üçün nə qədər azərbaycanlı tələbənin Amerikada təhsil alması barədə məlumat da Beynəlxalq təhsil həftəsindən sonra müəyyənləşəcək”.

Qeyd edək ki, sərginin məqsədi ABŞ-da təhsil almaq istəyənləri bir yerə toplayıb, onların təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və valideynlər azərbaycanlı tələbələrlə görüşə gələn ABŞ universitetlərinin nümayəndələri ilə görüşə, maraqlandıran suallara cavab ala biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR