Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq

Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq
# 06 mart 2014 13:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq və vətəndaşları qəbul edəcək.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, hazırda Bakı Sağlamlıq Mərkəzi işçilərinin əmrləri verilib, hazırda sənədləşmə işləri aparılır. Mərkəzin rəhbərliyinin də artıq təyin olunduğunu deyən rəis müavini qeyd edib ki, kollektiv tam formalaşandan sonra mərkəz fəaliyyət göstərəcək.

R.Nağıyev əlavə edib ki, bu günün tələblərinə cavab verməyən bəzi tibb müəssisələri bağlanaraq Bakı Sağlamlıq Mərkəzinə birləşdirilib: “1 saylı Doğum evi və 4 saylı Şəhər Xəstəxanası şəhərsalma ilə əlaqədar köçürülməli idi. Həmin tibb müəssisəsi təmirsiz idi, sadəcə, hər il nazirlik tərəfindən təmir olunurdu ki, orada xəstələri qəbul etmək mümkün olsun. Bakı Sağlamlıq Mərkəzi tikiləndən sonra həmin tibb müəssisələri bağlanaraq oraya birləşdirilib. Həmin müəssisələrdə fəaliyyət göstərən işçilərin işsiz qalmaması üçün onlar öz sənədlərini təqdim edib, imtahanlara qatılıblar və buradan uğurla keçənlər Bakı Sağlamlıq Mərkəzində işə başlayacaqlar”.

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin açılışı yanvarın 7-də olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR