Allahşükür Paşazadə “Astana qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda keçirilən beynəlxalq konfransa qatılıb - FOTO

Allahşükür Paşazadə “Astana qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda keçirilən beynəlxalq konfransa qatılıb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 09:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan paytaxtında keçirilən “Astana qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

QMİ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 25-də keçirilən konfransdan öncə A. Paşazadə Qazaxıstan parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbul olunub. O, daha sonra Astana Forumlarının Katibliyinin XII sessiyasında iştirak edib. Müzakirələr zamanı çıxış edən QMİ sədri qurumun işinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini səsləndirib, ən mühüm təkliflərin reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi fondun təsis olunmasına ehtiyac duyulduğunu bildirib.

A. Paşazadə konfransın açılış mərasimində də çıxış edib. O, Azərbaycan və Qazaxıstan dövlət başçılarının dinlərarası dialoq məsələlərində dəyərli təşəbbüslərlə çıxış etmələrini, multikulturalizm ideyalarına sadiqliklərini olduqca əhəmiyyətli hal adlandırıb. Şeyxülislam Qazaxıstan xalqının və onun lideri, türk xalqlarının ağsaqqalı Nursultan Nazarbayevin Qarabağ probleminin ədalətli həlli istiqamətində Azərbaycanın səylərinə hər zaman beynəlxalq müstəvidə dəstək nümayiş etdirməsini yüksək qiymətləndirib.

A. Paşazadə Qazaxıstanın Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri Kayrat Lama Şərif, Vatikandan təşrif buyurmuş papa yanında dinlərarası əlaqələr üzrə Şuranın başçısı, kardinal Jan Lui Toran, iranlı Məhəmməd Bağır Xürrəmşad, Məcid əl-Turki və digər şəxslərlə ikitərəfli görüşlər keçirib.

QMİ sədri Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Yerjan Mayamerovla da bir araya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR