Azərbaycanda bank depozitləri son bir ildə 18% artıb

Azərbaycanda bank depozitləri son bir ildə 18% artıb
# 08 noyabr 2013 14:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il oktyabrın 1-nə 11 929,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 848,8 mln. manat və ya 18,3%, bu ilin əvvəlindən isə 1 230,2 mln. manat və ya 11,5% çoxdur.

Depozitlərin tərkibində 6 237,4 mln. manat və ya 52,3% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci il oktyabrın 1-nə nisbətən 1 681,1 mln. manat və ya 36,9%, o cümlədən, bu ilin əvvəlindən 1 124,0 mln. manat və ya 22,0% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi oktyabrın 1-nə 5 692,0 mln. manata bərabər olub ki, son bir ildə bu göstərici 167,7 mln. manat və ya 3,0%, ilin əvvəlindən isə 106,1 mlın. manat və ya 1,9% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 3 067,3 mln. manatı və ya 53,9%-i maliyyə təşkilatlarının depozitləri, 2 627,7 mln. manatı və ya 46,1%-i qeyri-maliyyə təşkilatlarının depozitləri təşkil edib. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatlarının depozitləri 357,3 mln. manat və ya 13,2% artıb, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 189,6 mln. manat və ya 6,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR