“Azərbaycan ilə Çin arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsi razılaşdırılır

“Azərbaycan ilə Çin arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsi razılaşdırılır
# 13 avqust 2013 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsinin razılaşdırılması məqsədilə Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə yardımı və xarici işlər departamentinin rəisi Vu Kiujenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Çin Xalq Respublikasının nümayəndə heyəti Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi tərəfindən qəbul olunub.

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev görüşdə çıxış edərək, penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib.

Vu Kiujen isə hər bir ölkənin ümumi inkişafının bütün sahələr kimi penitensiar sistemə də müsbət təsir etdiyini bildirərək ÇXR-da mövcud olan 700-dək cəzaçəkmə müəssisələrinin də əksəriyyətində böyük dəyişikliklər aparıldığını və bu dəyişikliklər zamanı Çin xalqının adət-ənənələrinə xüsusi diqqət yetirildiyini bildirib.


Görüşdə hər iki ölkənin Ədliyyə nazirliklərinin məsul əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Səfər proqramı çərçivəsində həmin müqavilənin paraflanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR