Azərbaycan səfiri Lixtenşteyn parlamentinin sədri ilə görüşüb

Azərbaycan səfiri Lixtenşteyn parlamentinin sədri ilə görüşüb
# 05 mart 2014 16:38 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn parlamentinin sədri Albert Friklə görüşüb. Bu barədə APA-ya səfirlikdən bildirilib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını və lixtenşteynli həmkarına ünvanladığı dəvət məktubunu A. Frikə təqdim edən səfir, rəsmi Bakının Lixtenşteyn Knyazlığı ilə əlaqələrə əhəmiyyət verdiyini həmsöhbətinin diqqətinə çatdırıb və parlament sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verəcəyindən əminlik ifadə edib.

Lixtenşteyn Knyazlığının da Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olduğunu deyən A. Frik, dəvətə görə təşəkkürünü bildirib və onu böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib.

Səfir Ə.Zeynallı A.Friki Dağlıq Qarabağ münaqişəsi və onun həlli üzrə aparılan danışıqların hazırkı durumu barədə də məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR