“Azərkosmos” “SatCom Africa 2014” sərgisində iştirak edib

“Azərkosmos” “SatCom Africa 2014” sərgisində iştirak edib
# 22 may 2014 08:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Azərkosmos” ASC Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş “SatCom Africa 2014” sərgisində öz stendi ilə iştirak edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, Afrika qitəsinin qabaqcıl peyk və telekommunikasiya sərgisi hesab olunur.

Tədbir zamanı “Azərkosmos”un nümayəndələri dünya və Afrikada fəaliyyət göstərən 20-dən artıq telekommunikasiya şirkətlərinin nümayəndələri ilə görüşüb, Azərbaycanın “Azərspace-1” peyki barədə onları məlumatlandırıb və peykin tutumlarının icarəsinə dair məsələləri müzakirə ediblər.

“Azərkosmos”un təmsilçiləri həmçinin şirkətin Avropada fəaliyyət göstərən tərəfdaşları ilə görüşərək, onların son istifadəçiləri üçün “IP trunking”, “GSM backhaul” (mobil rabitənin daşınması) və teleport həllərini əhatə edən tam xidmətlər spektrinin təqdim edilməsinə dair müzakirələr aparıblar.

Qeyd edək ki, “Azərkosmos” ASC Qafqaz regionunda fəaliyyət göstərən yeganə peyk operatorudur. Şirkət idarəsində olan “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən müştərilərinə yüksək etibarlı məlumatların ötürülməsi və teleyayım xidmətləri təqdim edir. Ən azı 15 il orbitdə fəaliyyət göstərəcək peyk 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR