Bakıda bu ilin beş ayında baş verən yol qəzalarında 133 nəfər ölüb

Bakıda bu ilin beş ayında baş verən yol qəzalarında 133 nəfər ölüb
# 03 iyun 2013 15:06 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yanvarın 1-dən iyunun 1-dək Bakıda 443 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 133 nəfər ölüb, 513 nəfər xəsarət alıb.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 hadisə, 8 ölüm, 12 xəsarət faktı artıb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bu ilin 5 ayı ərzində yol verilən qanun pozuntularına görə yol polisi əməkdaşları tərəfindən Bakı şəhəri üzrə 275 727 inzibati protokol tərtib edilib.

Belə ki, 1345-i avtomobilin sərxoş halda idarə edilməsinə, 5621-i işıqforun qırmızı işığında dayanmadığına, 816-sı avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsinə, 111-i avtoxuliqanlığa, 870-i polisin qanuni tələbinin yerinə yetirilməməsinə, 1737-si qəza şəraiti yaratdığına, 25 423-ü sürət həddinin aşılmasına, 2470-i avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə, 1242-si ötmə və manevretmə qaydalarının pozulmasına, 17 565-i yolayrıcını keçmə qaydalarının pozulmasına, 5801-i nəqliyyat vasitəsinin icazə verilməyən pərdə və plyonkalı idarə edilməsinə, 1894-ü sərnişindaşıma qaydalarının pozulmasına və digər qanun pozuntularına görə 137 mindən artıq inzibati protokol tərtib edilib.

V. Əsədovun sözlərinə görə, yol hərəkəti qaydalarını pozduğuna görə ilin 5 ayı ərzində 50 501 piyada barəsində də inzibati qaydada protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR