ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xankəndi və Şuşaya səfər edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında bildirilib.
Məlumata görə, o, səfər çərçivəsində diplomatik korpusun digər nümayəndə heyəti rəhbərləri ilə birlikdə bölgənin mədəni irsi və iqtisadi inkişafı ilə yaxından tanış olub.
“Xankəndidə müvəqqəti işlər vəkili Karlon dəmir yolu və avtovağzal kompleksinə, mədəniyyət mərkəzinə, Zəfər Parkına, Xankəndi Stadionuna, Qarabağ Universitetinə və yerli tikiş fabrikinə baş çəkib. Şuşada isə yeni Şuşa məscidi, Aşağı Gövhər Ağa məscidi, Şuşa Mərkəzi Meydanı, Şuşa Yaradıcılıq Mərkəzi və tarixi Şuşa qala divarları da daxil olmaqla bir sıra mühüm məkanları ziyarət edib. Bu səfər sülh və əməkdaşlığın Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün regional bağlantılar, ticarət, investisiya və rifah sahələrində yeni imkanlar aça biləcəyini bir daha nümayiş etdirdi”, - məlumatda deyilir.