Azərbaycan əhalisinin gəlirləri yaxın illərdə orta hesabla 6,6% artacaq

Azərbaycan əhalisinin gəlirləri yaxın illərdə orta hesabla 6,6% artacaq
# 13 noyabr 2012 13:34 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əhalinin gəlirlərinin 2013-2016-cı illər ərzində orta hesabla illik 6,6% artımı, eyni zamanda əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-in tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


Onun sözlərinə görə, Azərbaycanda müsbət iqtisadi artım tempi, inflyasiyanın idarəolunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşma, büdcə kəsirinin və onun ÜDM-ə nisbətinin minimal həcmi, tədiyyə balansında gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası, əhalinin həyat səviyyəsi göstəricilərinə dair proqnozlar onu göstərir ki, belə mürəkkəb qlobal iqtisadi mühitdə iqtisadiyyatımızın orta müddətli dövrdə də makroiqtisadi sabitlik davam edəcək.


«Gələn il Azərbaycanda iqtisadi artım 5,3%, növbəti üç ildə isə orta illik iqtisadi artım 5,3% proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7%, növbəti üç ildə isə orta hesabla 7% artacağı gözlənilir. Nəticədə, ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6%-dən 70,6%-dək artacaq, neft sektorunun payı isə 52,4%-dən 29,4%-dək azalacaq», - deyə Ş.Mustafayev bildirib.


Nazir həmçinin bildirib ki, neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib, 1 barelin qiyməti gələn il üçün 100 ABŞ dolları, növbəti 3 il üçün 80 dollar qəbul edilib: «Növbəti il üçün 1 dollar 78,5 qəpik qəbul edilib və inflyasiya tempi 5,7% proqnozlaşdırılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR