Rövnəq Abdullayev “ARDNŞ Yay Məktəbi 2014” layihəsinin qaliblərini mükafatlandırıb

Rövnəq Abdullayev “ARDNŞ Yay Məktəbi 2014” layihəsinin qaliblərini mükafatlandırıb
# 21 noyabr 2014 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev gənclərlə görüşüb.

APA-Economics”in məlumatına görə, “Neftqazelmitədqiqatlayihə” institutunda baş tutan görüşdə ARDNŞ-də gənclərlə bağlı layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr mövzusunda müzakirələr olub.

Tədbirdə çıxış edən R. Abdullayev gənclərə qarşıda duran planlar və ölkədə aparılan enerji və insan kapitalı siyasəti haqqında məlumat verib. O, tələbələrə TANAP, TAP və ARDNŞ-in digər layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, yaxın illərdə inşa edəcəkləri yeni neft-qaz və neft-kimya kompleksi ölkənin ən mühüm layihəsidir. Kompleksin inşası başa çatandan sonra burada 15 min nəfər işlə təmin olunacaq: “Artıq gələn il biz bu layihənin tikintisinə başlayacağıq. Bu ilin sonunda isə bununla bağlı tender elan olunacaq”.

ARDNŞ-in təhsilə böyük diqqət ayırdığını deyən R. Abdullayev deyib ki, bu gün mindən artıq tələbə xaricdə ARDNŞ-in xətti ilə təhsil alıb: “İndiyə qədər 41 min nəfər ixtisas artırma kursunda, 1 055 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib, ARDNŞ-in 5 təlim tədris mərkəzində təhsil alıb. ARDNŞ kadr potensialını genişləndirməklə, zamanla ayaqlaşa bilən gəncləri öz arasına cəlb. Bunun içində fəhlə kadrlarının hazırlamasına da böyük önəm verilir”.

ARDNŞ-in kadr siyasətindn danışan R. Abdullayev deyib ki, şirkətin baş ofisindəki işçilərin 23%-ni gənclər təşkil edir. Ümumilikdə isə ARDNŞ işçilərinin 43,7%-ni yaşı 35-dən aşağı insanlar tutur.

Sonra çıxış edən ARDNŞ-nin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirlinin sözlərinə görə, ARDNŞ təqaüdlərinin seçim mərhələsi gənclərin marağına səbəb olub: “Ümumilikdə ARDNŞ təqaüdlərinə 17 seçim olub. Bu seçimlərdə 13 mindən çox tələbə iştirak edib. İşə qəbul prosesində, həmçinin mənzil növbəsinə durma prosesində ARDNŞ təqaüdçülərinə, yaxud ARDNŞ-ın hesabına xaricdə oxuyanlara güzəşt olunur. İndiyə qədər 161 nəfər ARDNŞ təqaüdçüsü işə qəbul edilib”.

Tədbirin sonunda “ARDNŞ Yay Məktəbi 2014” layihəsində 1-ci yeri qazanan qalib komandanın üzvlərinə sertifikatlar verilib və ARDNŞ-in təqaüdünə birinci dəfə layiq görülən tələbələrə plastik bank kartları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR