Argentina və Azərbaycan aqrar sektorun inkişafı üzrə Master Planı müzakirə edir

Argentina və Azərbaycan aqrar sektorun inkişafı üzrə Master Planı müzakirə edir
# 27 noyabr 2012 12:59 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın Bakıya səfəri çərçivəsində tərəflər arasında müzakirə olunacaq «Azərbaycanda aqrar-sənaye sektorunun inkişafı ilə bağlı strateji Master Plan» Azərbaycan hökuməti tərəfindən məqbul hesab ediləcəyi təqdirdə plan çərçivəsində kənd təsərrüfatı üzrə konkret birgə layihələrin həyata keçirilməsi mümkün olacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılaşdırılmış təkliflər 2011-ci ilin sentyabrın 21-də imzalanmış anlaşma memorandumunda əksini tapıb.

Memorandumda əməkdaşlığın sürətləndirilməsi məqsədilə Birgə Əməkdaşlıq Proqramının tərtib olunması nəzərdə tutulur və bu proqramın tərtib olunması istiqamətində əməkdaşlıq sahələri üzrə ekspertlərin qarşılıqlı səfərləri və digər tədbirlər görüləcək.

Bundan başqa, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması məqsədilə heyvan və bitki mənşəli məhsulların ticarətinin asanlaşdırılması üçün tədbirlərin görülməsi, fitosanitariya və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınmasına nail olmaq vacib sayılır.

Nazirlikdən verilən məlumatda bildirilir ki, bu sahədə uzunmüddətli əməkdaşlığın bazasının yaradılması məqsədilə baytarlıq və fitosanitariya sahəsində sazişlərin hazırlanması da məqsədə uyğun sayılıb.

Hazırda iki ölkə arasında kənd təsərrüfatı və ərzaq məhsullarının müəyyən həcmdə ticarət dövriyyəsi olsa da, ümumilikdə ticarət əlaqələri mövcud potensialdan aşağıdır. Belə ki, 2011-ci ildə Argentinadan Azərbaycana 16,915 mln. dollarlıq kənd təsərrüfatı məhsulları, Azərbaycandan isə Argentinaya 1 500 dollarlıq spirtli və spirtsiz içkilər ixrac edilib. Bu ilin ilk 6 ayında isə Argentinadan Azərbaycana 6,016 mln. dollarlıq kənd təsərrüfatı məhsulları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR