ABŞ Senatı döyüş silahının satışına qadağa qoyulmasına dair düzəlişi qəbul etməyib

ABŞ Senatı döyüş silahının satışına qadağa qoyulmasına dair düzəlişi qəbul etməyib
# 18 aprel 2013 02:34 (UTC +04:00)

Bakı-APA. ABŞ Senatı ötən gün döyüş silahının satışına qadağa tətbiq olunmasına dair düzəlişi qəbul etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədin qəbul olunmasının lehinə 40 senator, əleyhinə isə 60 senator səs verib. Bir qədər əvvəl isə Senat həmçinin silah əldə edən vətəndaşların icbari yoxlanılmasını nəzərdə tutan kompromisli qanun layihəsini də dəstəkləməyib. Qeyd olunan qanun layihəsi prezident Barak Obama tərəfindən ölkədə zorakılıq səviyyəsini aşağı salınması məqsədilə yanvarda təqdim olunan proqramın bir hissəsidir.

Senat bu sahədə əlavə yeddi düzəliş üzrə səs vermək niyyətindədir.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama respublikaçıların silah əldə edən vətəndaşların icbari yoxlanılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxmalarını kəskin pisləyib.

Obamanın sözlərinə görə, silah lobbisi və onun tərəfdarları qanun layihəsi barədə qəsdən yalan məlumatlar yayaraq iddia edirdilər ki, qeyd olunan qanun ABŞ Konstitusiyası ilə qorunan vətəndaşların silah saxlamaq hüququnu pozur.

Obama nitqində bir neçə dəfə vurğulayıb ki, sosioloji sorğuların nəticələrinə əsasən, amerikalıların 90 faizi silah əldə edən vətəndaşların icbari yoxlanılmasını nəzərdə tutan qanunun tətbiq olunmasını dəstəkləyir.

Qeyd edək ki, sənəd keçən ilin dekabrında Konnektikut ştatının “Sendi Xuk” məktəbində baş vermiş kütləvi qətldən sonra hazırlanıb. Qanlı hadisə nəticəsində 20 uşaq və 6 qadın qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR