Azərbaycanda civənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Azərbaycanda civənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 11 aprel 2013 11:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsirli zəhərli maddə olan civənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək, özlərini qismən təqsirli bildiklərini deyiblər.

Proses aprelin 18-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş güclü təsirli zəhərli maddə olan civənin Bakı şəhəri Qaradağ rayonu ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının qarşısında keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Şabanov Tural Aqronom oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə həmin əraziyə gəlmiş Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Pərviz Təbriz oğlu özləri ilə gətirdikləri sellofan torbanın içərisinə qoyulmuş 1 ədəd 0.5 litr həcmli şəffaf rəngli plastik “BONAQUA” su qabının içərisində olan civə maddəsini satmaq istəyərkən əməliyyat işçiləri tərəfindən saxlanılıblar.

Daha sonra Tural Şabanov içərisində civə maddəsinin olduğu 2 ədəd plastik su qabının anası Şabanova Zeynəb Ramiz qızının icarə əsasında işlətdiyi Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi-13 ünvanında yerləşən kosmetika məhsullarının satışının həyata keçirildiyi dükanda olduğunu bildirib və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z. R . Şabanova tərəfindən içərisində civə məhlulu olan həmin 2 ədəd plastik su qabının Lökbatan qəsəbəsi, keçid 1594 ünvanında yerləşən stadionun yanındakı qamışlığa atıldığı müəyyənləşdirilib. Qeyd olunan ünvanda yerləşən qamışlıqdan 1 ədəd sellofan torbada içərisində civə maddəsi olan 2 ədəd 0.5 litr həcmli şəffaf rəngli plastik “BONAQUA” su qabları aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR