Hacıqabul, Salyan və Neftçalada 1918-ci ilin mart qırğınları qurbanlarının xatirəsi yad edilib - FOTOSESSİYA

Hacıqabul, Salyan və Neftçalada 1918-ci ilin mart qırğınları qurbanlarının xatirəsi yad edilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 mart 2013 13:36 (UTC +04:00)

Hacıqabul. Salyan. Neftçala. Əlibәy Zeynallı - APA. Hacıqabul, Salyan və Neftçala rayonlarında 1918-ci il mart qırğınları qurbanlarının xatirəsi yad edilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul, Salyan və Neftçala rayon icra hakimiyyətlərində ziyalıların və ictimaiyyətin iştirakı ilə tədbirlər keçirilib. Hər 3 rayonda Osmanlı İmperiyasının Azərbaycanı xilas etmiş Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin məzarları və onlara ucaldılmış abidələr ziyarət edilib.

Hacıqabul rayon Tarix Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov rəhbərlik etdiyi idarədə saxlanılan istintaq materiallarından əldə etdiyi məlumatları yenidən xatırladıb. O bildirib ki, bu sənədlərdə Hacıqabul rayonunda baş verən qətllər haqqında dəhşətli faktlar öz əksini tapıb. Həmin vaxtlar ermənilər kəndlərdə əhaliyə müxtəlif işgəncələr veriblər. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq üçün özlərini kəndin nohuruna ataraq intihar ediblər.

1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq qətlə yetirilib. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər öldürülüb. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib.

Salyanlı tədqiqatçı Fəxrəddin Fərzəliyev deyib ki, 1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. Belə ki, Mərkəzi Kaspi Diktaturası 1918-ci ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən dırnağadək silahlanmış 900 nəfərədək əsgərlə, hərbi sursatlarla dolu “Krasnovodsk”, ”Yelets”, “İraq”, “Bakinets”,”Salyanets” və “Demosfen” adlı gəmilərlə Bakıdan Salyana yola düşüb. Düşmən birləşmələri Xəzər dənizindən Kürün deltasına girərək çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərib. Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılıb. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilib. Erməni quldur dəstələri yüzlərlə əliyalın, günahsız insanları vəhşicəsinə qətlə yetirərək Kürqaraqaşlı kəndinə kimi gəlib çatıblar. Ramazan paşanın 400 nəfərlik nizami qüvvəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayıb və “Demosfen” gəmisini vuraraq batırıb. Bundan sonra düşmən pərakəndə halda geri çəkilib. Türk əsgərləri onları sona kimi təqib ediblər. Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 11 nəfəri Neftçalanın Bankə kəndində, Ömər paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR