AÇ-2016: Azərbaycan 4 iştirakçı komandanı qabaqlayır

AÇ-2016: Azərbaycan 4 iştirakçı komandanı qabaqlayır
# 02 iyun 2016 14:56 (UTC +04:00)

Bakı – APA. Fransada keçiriləcək Avropa çempionatına qatılan futbolçuların çoxu İngiltərədə çıxış edir. Apasport.az saytının məlumatına görə, 24 komandanın tərkibində qitə birinciliyinə yollanacaq 552 futbolçudan 139-u məhz İngiltərədə top qovur.

Bu baxımdan adalılar digər ölkələr üçün əlçatmazdı.

139 futbolçudan 104-ü geridə qalan mövsümdə Premyer Liqada forma geyinib. İkinci sırada qərarlaşan Almaniya çempionatı turnirdə 65 oyunçu ilə təmsil olunacaq ki, onlardan 57-si Bundesliqada mübarizə aparır. İlk “üçlüy”ü isə İtaliya qapayır.

4-cü olan Türkiyə Superliqası Avropanın “böyük beşlik” ölkələri olan İspaniya və Fransadan çox oyunçu ilə təmsil olunacaq. Yerli futbolçularla yanaşı, daha çox Cənubi amerikalılara üstünlük verən La Liqada 34 futbolçu qitə birinciliyində iştirak edə biləcək. Doğma arenasında turniri təşkil edəcək Fransanın yüksək liqasından isə 22 nəfər yığmalara dəvət alıb. Türkiyədən 36 oyunçu çağırılıb ki, onların da hamısı Superliqa üzvüdü.

Ukrayna, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Portuqaliya, İsveç, Xorvatiya, Rumıniya, Belçika, Slovakiya, Avstriya, Albaniya kimi yığmalar Avropa çempionatına 23 oyunçu ilə yollanmalarına baxmayaraq, onların çempionatlarından turnirə gedən futbolçu sayı bu rəqəmdən azdı.

Xüsusən də, Avstriya və Albaniyanın milli çempionatından cəmi 2 oyunçunun iştirak hüququ qazanması diqqətçəkən məqamdı. Albanların çoxsaylı legionerlərindən biri də karyerasını Azərbaycanda davam etdirir. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin yekun heyətə salınması Azərbaycan Premyer Liqasının da bu siyahıya düşməsinə səbəb olub. Azərbaycanla yanaşı, Qazaxıstan, Meksika, Avstraliya, Kanada, Çin, İsrail və Səudiyyə Ərəbistanından da 1 futbolçu Fransada mübarizə aparacaq.

Diqqətçəkən məqamlardan biri də qitə birinciliyinin iştirakçılarından olan İslandiya, Şimali İrlandiya, İrlandiya və Uels çempionatlarından heç bir futbolçunun yığmalara dəvət almamağıdı. Əvəzində Şotlandiya, Danimarka, Yunanıstan, Norveç, Bolqarıstan, Hollandiya kimi Avropa ölkələri turnirə vəsiqə qazanmasalar da, onların çempionatlarında iştirak edən bir neçə oyunçu bu həyəcanı yaşayacaq.

Avropa çempionatına futbolçu göndərən ölkələr:

İngiltərə (139 futbolçu), Almaniya (65), İtaliya (56), Türkiyə (36), İspaniya (35), Rusiya (32), Fransa (22), Ukrayna (20), İsveçrə (16), Polşa (15) Çexiya, Macarıstan (hər ikisi 13), Portuqaliya, İsveç, Xorvatiya (hamısı 10), Rumıniya (9), Şotlandiya, Danimarka (hər ikisi 6), Yunanıstan, Belçika (hər ikisi 5), Slovakiya (4), Norveç, Qətər, Bolqarıstan (hamısı 3), Hollandiya, ABŞ, Avstriya, Albaniya (hamısı 2), Qazaxıstan, Meksika, Avstraliya, Kanada, Çin, Azərbaycan, İsrail, Səudiyyə Ərəbistanı (hamısı 1).

Avropa çempionatına ən çox oyunçu göndərən klublar isə “Yuventus” və “Liverpul”du. Hər iki komandanın 12 üzvü turnirdə gücünü sınamaq imkanı əldə edəcək. Digər İngiltərə klublarından “Tottenhem” 11, “Mançester Yunayted” isə 10 oyunçu ilə yarışda təmsil olunacaq. Azərbaycan çempionu “Qarabağ”ın isə 1 futbolçusu Fransaya yollanıb.

Avropa çempionatına futbolçu göndərən klublar:

“Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə) – 12 futbolçu, “Tottenhem” (İngiltərə) – 11, “Mançester Yunayted” (İngiltərə) – 10, “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Fənərbaxça” (Türkiyə), “Şaxtyor” (Donetsk, Ukrayna) – 9, “Arsenal” (İngiltərə), “Bazel” (İsveçrə), MOİK (Rusiya), “Real” (İspaniya), “Roma” (İtaliya) – 8.

Qeyd edək ki, Avropa çempionatı 10 iyun – 10 iyul tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR