Aleksandr Çivadze: “Foqts heyətə düşsə, oynayacaq”

Aleksandr Çivadze: “Foqts heyətə düşsə, oynayacaq”
# 17 aprel 2013 12:36 (UTC +04:00)

Bakı – APA. “Mən Bakıya sonuncu dəfə 3 il öncə gəlmişdim. O vaxt veteran futbolçunuz Ələkbər Məmmədovun 80 illik yubileyi idi. Azərbaycandan aldığım bu dəvəti də məmnuniyyətlə qəbul etdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Gürcüstan yığmasının sabiq baş məşqçisi Aleksandr Çivadze deyib.


Sovet futbolunun məşhur simalarından olan Çivadze Bakıya gəlməyə hazırlaşır. O, mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibətilə veteran futbolçular arasında keçiriləcək yoldaşlıq görüşünə dəvət edilib.

Hazırda Gürcüstanın gənclərdən ibarət yığma komandasına rəhbərlik edən 58 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycandan aldığı dəvət ürəyincə olub: “Bakıda belə bir görüşün olmasına çox sevindim. Sevindim ki, mən də bu oyunda iştirak edə bilərəm. Səmimi sözümdü, ölkənizə gələndə çox şad oluram. Bakıda çoxlu dostlarım var, onları görəcəyəm. Mənimlə birgə Gürcüstandan Murtaz Xurtsilava və Tengiz Sulakveridze də gələcək. Hansısa ciddi problem olmasa, mütləq gələcəyik”.

Vaxtilə SSRİ yığmasının kapitanı olan keçmiş müdafiəçi əməkdaşımızla söhbətində Bakıya dəvət edilən veteranların adlarını soruşub. Ona Avropa yığmasının heyətində Jan-Pyer Papen, Bernd Şuster və hətta millimizin baş məşqçisi Berti Foqtsla komanda yoldaşı olacağını dedik: “Əgər Foqts heyətə düşsə, oynayacaq (gülür). Çox yaxşı ki, belə tanınmış futbolçular oyuna dəvət olunub. Onları bir araya gətirib, görüş keçirməklə yaxşı iş görürlər”.

Qeyd edək ki, Çivadze 13 ilik futbolçu karyerasını keçirdiyi Tiflis “Dinamo”su ilə SSRİ çempionluğu, SSRİ kuboku və Kuboklar Kubokunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR