Ölümlə nəticələnən xəstəliklərin 82%-nin əsas səbəblərindən biri siqaretdir

Ölümlə nəticələnən xəstəliklərin 82%-nin əsas səbəblərindən biri siqaretdir
# 02 iyun 2016 12:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Siqaretdən bütün dünyada olduğu kimi Azərbaycanda da geniş istifadə olunur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova APA-ya açıqlamasında bildirib ki, insanlar arasında 25-dən çox xəstəliyin yaranmasının birbaşa səbəbi tütünün istifadəsi ilə bağıdır. Onun sözlərinə görə, bunlara miokard infakt, beyin insultu, ağciyərlərin, mədə-bağırsağın xroniki xəstəlikləri, müxtəlif orqanların xərçəngi, kişi və qadınlarda reproduktiv sağlamlığın pozulması və digər xəstəliklər daxildir. İ.Axundova qeyd edib ki, insan sağlamlığına təsir edən amillərin 8%-ni səhiyyə, 12%-ni ətraf mühit, 20%-ni irsi, 60%-ni isə həyat tərzi təşkil edir: “Pis vərdiş kimi tütün çəkmə insanların həyat tərzinin tərkibidir. Buna əsasən də deyə bilərik ki, 60% hallarda tütün çəkmə insan sağlamlığına mənfi təsir edən amillərdən biridir”.

Direktor müavini Azərbaycanda ölümə səbəb olan xəstəlikləri də açıqlayıb. Onun sözlərinə görə, 60% qan-damar sistemi xəstəlikləri, 13% törəmələr, 5 % həzm sistemi, 4% tənəffüs orqanları problemləri, 18% isə digər səbəblər ölümə gətirib çıxarır: “Buna əsasən deyə bilərik ki, ölümlə nəticələnən xəstəliklərin 82%-nin əsas səbəblərindən biri də tütün çəkmədir. Azərbaycanda kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Siqareti atandan sonra insanlarda müsbət dəyişiklər olur. 2 saatdan sonra orqanizm nikotindən təmizlənməyə başlayır. 12 satandan sonra karbon oksidi orqanizmdən tam təmizlənir, ağciyərlər daha yaxşı fəaliyyət göstərir, 2 aydan sonra insanın dad və iy bilmə qabiliyyəti bərpa olunur. 3 aydan sonra ürək-damar sisteminin fəaliyyəti yaxşılaşır, insan daha yaxşı yeriməyə və qaçmağa başlayır, 3-9 aydan sonra öskürək tənginəfəslik, nəfəs problemləri azalır, ağciyər funksiyası 10%-dək bərpa olunur, 5 ildən sonra miokard infaktı tütün çəkənlərlə müqayisədə 2 dəfə azalır, 10 ildən sonra ağciyər xərçəngi ilə bağlı ölüm riski tütün çəkənlərlə müqayisədə 2 dəfə azalır, 15 ildən sonra ürəyin işemik xəstəliklərinin riski heç bir vaxt tütün çəkməyən insanların səviyyəsinə çatır".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ən çox siqaret çəkilən ölkələrin siyahısını açıqlayıb. Azərbaycan siyahıda siqaret çəkənlərin sayına görə 13-cü yeri tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR