Parisdə Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə təntənəli konsert keçirilib

Parisdə Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə təntənəli konsert keçirilib
# 19 sentyabr 2015 06:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Parisdə Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə təntənəli konsert keçirilib.

Dirijor Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, konsert Azərbaycanın Fransadakı səfirliyinin təşkilatı dəstəyi ilə baş tutub.

Tədbir eyni zamanda “İpək və Alov” Musiqi Festivalının açılışına həsr olunub. Gecənin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Musiqi Festivalının bədii rəhbəri Pyer Tilua çıxış ediblər.

Rəsmi hissədən sonda Fransanın ən qədim musiqi kollektivi olan “Lamürö” (Lamoureux) simfonik orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınını dirijoru, prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında proqramla çıxış ediblər.

Konsertdə xalq artisti Murad Hüseynov (fortepiano), beynəlxalq müsabiqələr laureatları Səbinə Rakçeyeva (skripka), Nəzrin Rəşidova (skripka), Emil Əfrasiyab (fortepiano), əməkdar artistlər Elşən Mənsurov (kamança) və Malik Mənsurov (tar) iştirak ediblər.

“Lamürö” simfonik orkestri və dirijor Əyyub Quliyevin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üvertura, Qara Qarayevin “Yeddi gözəl” baletindən Süita, Paul Dyükanın “Sorcerer’s Apprentice” fantastik skertso səslənib.

İnstrumental əsərlər sırasında Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün “Ərəb mövzularında konserti” (solist Murad Hüseynov), Vaqif Mustafazadənin Fortepiano və orkestr üçün konserti (solist Emil Əfrasiyab), Hacı Xanməmmədovun Kamança və orkestr üçün konserti (solistlər Elşən və Malik Mənsurovlar) dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Proqramın sonunda fransız bəstəkarı Pyer Tiluanın 10-cü Simfoniyası “Exil”in dünya premyerası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR